Şah Səfi karvansarası — Balaxanı qəsəbəsində yerləşən XVII əsrə aid tarix-memarlıq abidəsi. Şah Səfi karvansarayı 1635-1636-cı ildə usta Bürhan və sərkər Behbud tərəfindən inşa edilmişdir. Karvansarayın inşasını I Şah Səfi sifariş etmişdir.
Şah Səfi karvansarayı planda, tərəfləri 1:3 nisbətinə malik uzadılmış düzbucaqlı formasına malikdir. Karvansarayın giriş qapısı şimal-şərq istiqamətinə yönəlmişdir.
Yerli əhalinin “Xacə Ruhulla imarəti” də adlandırdığı abidə qəsəbənin mərkəzində yerləşir. Uzun illər bu karvansaradan anbar kimi istifadə edilib. Amma sonradan qəsəbə sakinlərinin səyi nəticəsində karvansaranın içi təmizlənərək ətrafında abadlıq işləri aparılıb.
Abidənin çatma tağlı taxta qapısı üzərində vaxtilə kitabə olmuşdur. Hal-hazırda bu kitabə yerində olmasa da onun foto-neqativi AMEA-nın Tarix İnstitunun elmi arxivində “Şah Səfi karvansarası” adı altında 68-14 saylı invertar kimi saxlanılır.

Abidənin kitabəsində yazılmışdır:
Bu binanı inşa etməyi əmr etdi. Əzəmətli sultanım, şöhrətli şahanşahımızın hakimiyyəti günlərində:
Şah Səfiəddin əl-Hüseyn əl-Bahadır xan tanınmış Haca Ruhullanın dayağı:
Mövlanə Hikmət Allah Badu-Kubeyi, Rəcəb ayı – min qırx beşinçi Hicri ilində, ustad – Burhan, Sərkar Behdud düzəldib.
1968-1969-cu illərdə abidədə restavrasiya işləri aparılmışdır.
Tikilinin uzadılmış həcmi daxildən bel çıxıntıları vasitəsiylə üç hissəyə bölünmüşdür. Tikilinin bir divarından çıxan bel, qarşı tərəfdəki divara keçərək onu üç hissəyə bölür və dəhlizvari formanın yaranmasının qarşısını alır. Eyni zamanda həmin bellər oxvari tağ kimi də fəaliyyət göstərərək binanın həm divarlarını, həm də tavanını möhkəmləndirir. Binanın künclərində (əsas fasad istisna olmaqla) və yan fasadların ortalarında qüllələr yerləşir. Bütün qüllələr eyni diametrə malik olmaqıa yuxarı qalxdıqca daralır.