Ovdan — Şirvanşah əmiri Xacə Zeynəddinin göstərişi ilə XIV əsrdə Balaxanı qəsəbəsində tikilmiş ovdan.

Bu tikili özlüyündə unikal sənət abidəsidir. Nağıllarımızda yer alan 40 pilləkən bu Ovdanda var. Pilləkənlərin quruluşu Şirvanşahlar sarayında olduğu kimi, bir qədər hündürdür. Çox güman ki, Qum hamamının inşasından sonra ilk dövrlər Ovdandan götürülən su ilə təhciz olunub. Ovdan tikinti quruluşu etibarı ilə unikaldır. Ovdan mənbəyindən su götürmək üçün 40 pilləkəni üzü aşağı düşmək lazımdır.

Pilləkənlər lay daşlardan, xüsusi ustalıqla yonulub, düz su mənbəyinə qədər enir. Ümumiyətlə Ovdanın tikintisində istifadə olunan daşların yonulması, kənarlarının bir-birini tamamlaması, simmetrik olmaları tikintiyə böyük əmək sərf olunmasını, babalarımızın çox yaxşı ustalıqlarını, əl qabiliyyətlərini ortaya qoyur. Ovdanın çox az bir hissəsi torpağı üzərində, əsas hissəsi torpağın altındadır. Ovdanın girişindən su mənbəyinə qədər üzü aşağıya 15 metr məsafə var. Tikilinin yerin altındakı hissəsinin tağvari dəhliz şəkilində olması üzərindəki torpaq qatı ağırlığının təzyiqi nəticəsində çökməsi ehtimalını heçə endirir. Bu da tikilini inşa edənlərin həm də müvafiq hesablamalar aparmaq bacarığının sübutudur. Giriş qapısından üzü aşağı baxarkən Günəşin işığı quyu ağzı hissəsindən Ovdan mənbəyindəki suyun üzərində sayrışır. Ovdan 1920-ci ilə qədər əhali tərəfindən istifadə edilib. Keçmişdə ovdan vasitəsilə Balaxanının içməli suya olan təlabatı ödənilib.