Şakir ağa türbəsi — Bakının Balaxanı qəsəbəsində yerləşən XV əsr memarlıq abidəsi. Abidənin kitabəsində onun 1427-1428-ci illərdə Miriraxur Şakir ağa ibn-mərhum Mürtəzanın sifarişi ilə inşa edildiyi qeyd edilmişdir.

Abidə planda xaçvaridir. Türbəyə giriş şimal tərəfdən portaldandır. Portalın iç məkanında, hər iki tərəfində oxvari arkaya ilə tamamlanan səkkizgüşəli prizma şəkilli taxçalar yerləşdirilib. Türbənin içində də müxtəlif ölçülü düzducaqlı 8 ədəd taxça mövcuddur.
İmarətin tağlı giriş qapısının üstündə ərəbcə iki sətirlik kitabə var ki, mətni belə oxunur: “Bu imarətin tikilməsinə millət və din böyüklərinin hamısı Miriraxur Şakir ağa ibn-mərhum Mürtəza əmr etmişdir. Səkkiz yüz otuz birinci il (831-1427/28)”.

Başqa bir mənbədə deyilir ki, İbrahim Şirvanşahın vəziri 1427-ci ildə oğlunun şərəfinə ucaltdığı Şakir ağa türbəsi xalq arasında İmarət adlandırılır.

Abidə planda xaçvaridir. Abşeronun daxili quruluşu xaç şəklində olan bir neçə abidə var. Lakin, Azərbaycanda Şakir ağa türbəsi kimi həm daxili, həm də xarici quruluşu xaç şəklində olan ikinci bir abidə yoxdur.

1918-ci ilin martında bir sıra Bakı kəndlərinin sakinləri, həmçinin Balaxanının əsasən iri sənayeçiləri, neft mədənləri sahibkarları, ziyalı insanları erməni silahlı dəstələrinin vəhşiliklərinin qurbanı olub. Onlardan bir hissəsi də məhz “Şakir ağa türbəsi”nin divarının qarşısına düzülərək güllələnib. Həmin güllə izləri bugünədək türbənin divarlarında olduğu kimi qalıb.